Son illər Azərbaycanın startup bazarında ləngimə və inkişafın olmaması ilə bağlı fikirləri demək olar ki, söhbət düşən hər yerdə səsləndirirəm. Bu illər ərzində çoxsaylı startap müsabiqələrinin keçirilməsi, İKT fondundan hər il 30–50 arasında layihəyə qrantın ayrılması, hər addım başı startap startap səslənməsinə baxmayaraq, ortaya səs sala biləcək layihə çıxmayıb. Daha doğrusu onlar yaranır, lakin yarandığı sürətlə də inkişaf etmədən ölürlər. Bunların ölmə səbəbləri barədə milyard dəfə danışmışıq və bu haqqda müxtəlif fikirlər mövcuddur. Lakin, əminəm ki hər kəs bir fikirlə razılaşar ki, bizim düşündüyümüz startup məntiqi, startup ruhu və hərakatı ölkəmizdə miraj vəziyyətindədir. Ölkədə 10-a yaxın inkubator və akselerasiya mərkəzinin olmasına baxmayaraq, cəmi bir Vençur Fondu (Khazar Ventures) fəaliyyət göstərir. Startaplara isə iş qurmaları üçün 2–10 min manat pul təklif edilərək, onlardan dünyəvi səviyyədə innovativ layihə çıxması gözlənilir.

Bütün bunları nəzərə alaraq bu günə qədər sırf Azərbaycan bazarında startap hərəkatının öldüyünü (Osman Gündüzün qulağından iraq) düşünürdüm. Ancaq, bu gün bir neçə görüşdən sonra bir maraqlı məqam diqqətimi çəkdi. Şad xəbər odur ki, inansanız da inanmasanız da, ancaq tezliklə Azərbaycanda həqiqi startup bumu başlayacaq. Pis xəbər isə ondan ibarətdir ki, bu partlayış hal-hazırki startap klubunun üzvlərindən yan keçəcək.

Deməli məsələ nədir?

Mövcud bazarın reallıqlarını nəzərə alaraq iKeebon layihəmizi ayaqda saxlamaq üçün, komandamız ilə kənardan sifariş ilə İT məhsullarının hazırlanması xidmətlərini veririk. Son bir neçə ayda bizə bir neçə sifariş daxil olsa da, yekun nəticədə demək olar ki, yalnız 40%-i sonadək gedib layihənin hazırlanmasına start verirdi. Hazırlananlardan isə 80%-i heç işə də salınmırdı. Diqqət çəkən məqam isə bu layihələr arasında elektron ticarət platformasının hazırlanmasından tutmuş, müxtəlif növ mobil tətbiqlərin hazırlanmasınadək təkliflər mövcud olub. İlk baxışdan burada qeyri adi heç bir şey yoxdur. Ancaq gələk əsas məsələyə — Son 1 həftədə bizə artıq 5 fərqli layihə ilə bağlı müraciət edilib. Dəqiq olum, layihə hazırlanması ilə bağlı sorğu göndərilib. Maraqlısı odur ki, bütün layihələr startap məntiqli, İKT yönümlü layihələr olsalar da, layihə sifarişçilərinin heç birini siz startap müsabiqə və toplantılarda görməmisiniz. Heç onların da bu növ tədbirlərin keçirilməsindən xəbərləri yoxdur. Çünki bu insanlar artıq oturuşmuş biznesləri və gəlirləri olan şirkət və ya fiziki şəxslərdirlər. Çox güman ki, mövcud iqtisadi vəziyyət onları yeni gəlir mənbələrinin axtarışına çıxmağa təşviq edib. Bu isə o anlama gəlir ki, tezliklə maliyyə mənbəyi olan çoxsaylı şəxslər innovativ texnoloji layihələr qurmağa başlayacaqlar.

Ancaq, burada nəzərimdən qaçmayan digər bir problem də var. Bütün bu şəxslərin İKT sahəsi və startap məntiqli bizneslərin qurulmasında faktiki olaraq heç bir təcrübəsi və bilikləri yoxdur. Onların yalnız biznes ideyaları və maddi vəsaitləri var. Lakin, bu işləri aparacaq təcrübəli kadrları və texnoloji komandaları yoxdur. Məhz buna görə də onlar bu işləri müəyyən məbləğ qarşılığında görə biləcək adamlar axtarırlar. Bu şəxslər üçün ən qorxulu məqam isə, biz bu işi bilirik deyərək, həmin şəxsləri aldatmaq istəyəcək şəxslərin də çoxluğudur.

Digər bir səhvləri isə ondan ibarətdir ki, internet haqqında bilgiləri sadəcə bu və ya digər onlayn xidmətlərin istifadəsi səviyyəsində olduğundan, internet biznesi qaydaları və yolları haqqında bilgiləri yoxdur. Onlar artıq sayt domeyni, dizaynı və hətta avadanlıqlar alıb işə başlamağa hazırdırlar. Düşündüklərinə görə çatışmayan bircə proqram təminatıdır ki, onu da hazırlayıb işə salsalar pul gələcək.

Məhz bu yerdə qeyd etmək istəyirəm ki, yeni startapçıların 99%-i uğursuzluğa düçar olacaqlar. Səbəbləri:

  • Onlar onlayn biznes ilə offlayn biznes arasında fərqin mövcudluğundan xəbərsizdirlər;
  • Onlar hər şeyi özləri edə biləcəklərini düşünürlər;
  • Onlar yalnız internet saytın, onlayn mağazanın və ya mobil tətbiqin olması ilə işin bitdiyini düşünürlər;
  • Ən əsası, onlar “software development”-in çox ucuz başa gəldiyi və dərhal hazırlandığını düşünürlər.

Bu tip layihələri etmək istəyən şəxslərlə görüşlərdə diqqətimi çəkən digər məqam odur ki, onlar keyfiyyətli proqram təminatının hazırlanmasına pul xərcləmək istəmirlər, daha doğrusu buna nə üçün böyük məbləğdə pul verməli olduqlarını anlamırlar. Ancaq, proqram təminatı hazırlandıqdan sonra, bu işin marketinq və reklamına PT-nin hazırlanmasına planladıqları məbləğdən 100 dəfə, bəli YÜZ dəfə artıq məbləği xərcləməyi planladıqlarını xüsusilə qeyd edirlər. Ancaq, proqram təminatı üçün qiymət bildirdikdə, filankəs bizə bundan iki dəfə ucuz deyib qiymət öldürməyə çalışırlar. Sözüm qiymətlərdə deyil. Qeyd etmək istədiyim məqam odur ki, İKT biznesinə daxil olan şəxslər, onlara sabah pul qazandıracaq İKT məhsuluna pul xərcləmək istəmirlər. Startaplar isə bilindiyi kimi ilk olaraq məhsulu yaradır, daha sonra onu yaydıqca, paraleldə dayanmadan yaxşılaşdıraraq, daim inkişaf etdirirlər.

İndi isə gəlin nəyə diqqət yetirək; bir əldə innovativ İKT məhsulları yarada bilən, səhəri techcrunch ilə açıb, gecələrini “Siz yatmısınız biz isə gecə saat 1-də (əslində isə 1-ə 15 dəqişləmiş) ofisdə işləyirik” — adlı selfi paylaşan startapçılar, digər əldə isə offlaynda biznes qurub, pul, təcrübə və əlaqələr qazanmış indi isə onlayn biznes ilə məşğul olmaq istəyən şəxslər var, hansılar ki, öz növbəsində hər şeyi özlərinin edə biləcəklərini düşünürlər.

Bu ikisinin birləşməsi ölkədə əməlli başlı Startup BOOM-a səbəb ola bilər. Ancaq…əmması odur ki, bu iki kütlə bir-birinə paralel axan iki çaya bənzəyirlər. Bu çaylar hələ bir-biri ilə tam kəsişməyiblər, hardasa bir az məcrasından çıxıb qatışır, sonra təzədən ayrılırlar.

Mənim gördüyüm və anladığım budur ki, yeni oyunçular bir neçə layihə edib, layihələrini batıracaqlar. Lakin, ümid edirəm ki, ona qədər bu biri dərədə otlayan startapçılar haqqında eşidib, özləri iş görmək əvəzinə, innovativ startaplara yatırım edərək, işlərinin inkişaf etməsi üçün öz bilik və təcrübələrini layihəyə əsirgəməyəcəklər. Çünki, yalnız bu yolla ziyanı minimuma endirərək, həqiqətən innovativ və yeni nə isə etmək mümkündür.

Ola bilsin yuxarıda dediklərimin daha qabarıq şəkildə görünməsi üçün bir neçə il də keçməli olacaq. Ancaq, hal-hazırda artıq dediklərimin cücərtiləri görünməkdədir. Neft və klassik alverin bazar payı azalır və insanlar artıq yeni biznes modellərini yoxlamaq üçün daha cəsarətli olmağa başlayırlar. 90-larda kim biznes ilə məşğul idisə 2000-lərdə o şəxslər böyük biznes sahiblərinə çevrilərək, böyük işlər görə bilmişdilər. Lakin, göründüyü kimi zəmanə və oyunun qaydaları dəyişir. Bu faktı qəbul etsək də, etməsək də, bu gün Yüksək texnoloji məhsullar bizim bazarda da geniş yayılır.

Odur ki, vətəndaşlar mənə görə bizim bildiyimiz startap bazarı ölümə məhkumdur, əvəzində isə yeni startap bazarı ortaya çıxacaq ki, burada həqiqi işlər görüləcək. Ancaq, inanıram ki, yeni bazarın əsas oyunçuları və innovatorları onlayn biznesdə təcrübəyə malik gənc nəsil olacaq. Hazırlaşın…