Günlərin birində dostum Ariflə məhlədə durub söhbət edirdik və birdən yadına dünən başına gələn hadisə düşdü:

– Axşam səndən ayrılıb evə gedirdim, gördüm bir cütlük “Bağışlayın saat neçədir?” deyib yaxınlaşdılar. Mən də saata baxıb, dedim 12-yə qalıb. Cavan oğlan qayıtdı ki, bəs qonaq gəlmişdik, pulumuzu düz hesablamamışıq, indi evə qayıtmağa pulumuz yoxdur, kömək edə bilərsiniz?. Mən də çıxartdım cibimdəki 2-3 manatı verdim, qoy getsinlər evlərinə.

Elə bunu demişdi ki, gülmək tutdu məni, adamların təxmini görünüş və geyimlərini izah edəndən sonra, başa saldım ki, bu cütlük neçə gündür buralarda fırlanır, axşam evə getməyə yol pulu istəyirlər. Odur ki, aldanma. Bu söhbətdən sonra, ayrılıb evimizə getdik.

Səhəri gün Ariflə görüşəndə qayıtdı ki, bəs – dünən bilirsən nə olub? Evə gedirəm, birdə gördüm həmin cütlük. Eyni ssenari ilə yaxınlaşıb “Saat neçədir?” deyəndə, dedim ki, “Saat gecdir…”. Cavan oğlan sual dolu üz ifadəsi ilə “Nə?” deyəndə, yenə də Saat gecdir dedim…siz nə olub elə gündə bura qonaq gəlirsiniz, cibinizdə də pul yoxdur? deyən kimi, söhbəti başa düşüb çönüb getdilər )))

O vaxtdan bəri aramızda zarafat qalıb. Biri saatı soruşanda, Saat gecdir deyirik…


Also published on Medium.