Bizi və Kvotter layihəmizi izləyənlərin çoxu bilir ki, 2016-cı ildə daha çox bu layihəmizin müxtəlif müsabiqələrdə qalib olması və beynəlxalq yarışlarda iştirakı ilə səs-küy saldıq. 2016-cı ildə göstərdiyimiz nəticələr (müsabiqələrin nəticələri) bir çoxlarını sevindirməklə yanaşı, bəzi hallarda neqativ ilə də qarşılanmışdı. Məhz bu səbəbdən düşündüm ki, məsələyə şəxsi nöqteyi nəzərdən fikrimi yazı halında paylaşmağım lazımdır. Düzdür “haters gonna hate” məsəli olsa da, keçən il nə üçün tam hazır olmayan layihə ilə yarışlara qatıldığımızı açıqlamaq məncə lazımdır.

İlk olaraq Kvotter hardan və nə üçün ağlımıza gəldidən başlayaq. 2014-cü ildə Antalyadakı Startup Turkey tədbirindən qayıdan zaman, aerportda bir neçə kitab aldıq. Təyyarədə oxuya-oxuya gəldiyimizdə, Coşqun bəzi xoşladığı sitatları qeyd eləmək istəsə də, bunu etmək üçün qələm tapmadı, ikincisi də bu mənim kitabım olduğuna görə etmədi. Daha sonra eyni problemlə evdə kitab oxuyarkən qarşılaşmışdı. Səhəri gün isə gəlib məndən o zamanlar təzə çıxmış Google Glass üçün tətbiq ideyasının olduğunu söylədi. İdeya belə idi ki, kitab oxuyarkən Google Glass taxılmalı idi və barmğında işarələdiyin ərazini, skan edib “cloud”da bir yerə toplayan tətbiq lazım idi. İdeya xoşuma gəlsə də, təkcə Google Glass ilə bağlı olması elə də ürəkaçan görünmürdü. Buna görə də təklif etdim ki, ondansa Mobil tətbiq edək. Hal-hazırda komandamızın CTO-su Nicat bunu OCR vasitəsilə mümkünlüyünü bildirdi. Əlavə təklif kimi, skan olunmuş sitatların Facebook və Twitter kimi sosial platformalarda paylaşılmasını da bildirdim. Bu zaman o zaman VitalCv-nin əsas developeri olan Kamran; elə tətbiqin özünü də Twitter kimi sosial şəbəkə olar deyəndə, ideya hər kəsin xoşuna gəldi. Düzü bütün bunlar ayaqüstü, ofisdən çıxa-çıxda 1-2 dəqiqənin içində baş tutan söhbətlər olsa da, növbəti gün layihə üzərində araşdırma etməyə başladıq. Layihənin adını Coşqun  ingilis dilindəki “Quote” sözünün səsləndiyi kimi, Kvot və arxasında da Twitter-dən ilhamlanaraq – ter əlavə edərək, Kvotter olmasını təklif etdi… Bir ay sonra biz artıq tətbiqin ilkin versiyası və kiçik demosunu hazırlayıb bir neçə tanışımıza göstərdik. Rəylər nə qədər müsbət olsa da, layihənin üzərində işə tələsmirdik. Çünki bu layihəni edə biləcək mobil developer komandamız və ümumiyyətlə bu tip sosial platformaya ehtiyyacın olub-olmadığını bilmirdik. Ona görə də, fokusumuzu başqa layihələrə yönləndirərək, Kvotter-i yalnız araşdırma, sorğu sual səviyyəsində davam etdirdik.

2016-cı ilin yenə də Fevral ayı idi, anidən Kvotter üzərində işləməyə qərar verdik. Əsas səbəb o idi ki, mobile tətbiq tərəfini yığa biləcək komandamız formalaşmışdı. İlk olaraq layihəyə Ziyyəddin ilə başlasaq da, sonradan Tural da qoşulmaqla işləri sürətləndirdik. Elə bu arada Yeni Fikir və SeedStars müsabiqələrinin də startı verildi. Düşündüm ki, layihə üzərində işə başlayırıqsa, paraleldə geniş kütlənin layihə haqqında ilkin fikirlərini da almaq pis olmazdı. Həm də biz, ideyamızı oğurlayarlar düşüncəsindən artıq böyümüşdük. Birincisi layihə çox böyük idi, həm də son iki ildə o qədər araşdırma etmişdik ki, kimsə bilsə idi də, təkrarlaması mümkün deyildi. Düzü buna qədər yalnız müsbət rəylər aldığımıza görə də layihəyə start vermək qərarına gəlmişdik.

İstər Yeni Fikir, istərsə də SeedStars müsabiqələrinə qatılanda nə uda biləcəyimiz haqqında heç düşünmürdük də, istəyimiz yalnız insanların reaksiyasını görmək idi. Nəticədə elə oldu ki, 20 günlük fasilə ilə hər iki müsabiqədə qalib gəldik. Biz çox gözəl başa düşürük ki, qalib gəlməyimizin yeganə səbəbi Kvotter ideyası deyil, eyni zamanda formalaşmış komanda və düzgün təqdimat etməyimiz olmuşdur. Təbii bütün bu xoş anların içində bəzi dostların; tanışlıqla uddular, qrant alıb yedilər, yenə də siz – kimi neqativ fikirləri də bol idi. Hətta bir-başa bizə olmasa da, başqa dostlarımızın postlarının altında yazılan rəylərdə bizim komandanı az qala cinayətkar dəstə kimi qələmə verməyə çalışanlar da az deyildi. Ona görə də gəlin açıqlayaq biz harda var idik, harada yox;

  • Yeni Fikir 2016 qalibi kimi, Sup.az-dan 5000 Avro mükafat, 5000$ AWS paketi, Almaniyada 1 həftəlik təlim və digər Sup.az hədiyyələri qazandıq. Sonradan TechCrunch-a getmək üçün Almaniyadakı təlimi 1000 AZN ilə əvəz edərək, ABŞ-a xərclik etdik.
  • Seedstars Baku 2016 qalibi kimi, bizə heç bir priz və ya hədiyyə verilmədi. Yalnız 2017-ci ilin Aprel ayında İsveçrədə keçiriləcək Final yarışına bir nəfərin xərcləri qarşılanması. Daha sonradan 40 min dollarlıq müqavilə təklif edilsə də, bu pulların 3 aylıq Skype üzərindən təlimlərə veriləcəyi, əvəzində isə şirkətimizin 10%-i istənildiyindən, təklifdən imtina etdik. Odur ki, hal-hazırda biz 2017 Aprel ayına hazırlaşırıq.
  • İKT Fondunun qrant müsabiqəsinə – müraciət etmədik. Buna bir neçə səbəb var; bizim müsabiqələrdə iştirak etməyimizdə əsas məqsəd ideyamızı yoxlamaq idi, əlavə olaraq İKT fondundan 2015-ci ildə Xərcim.az layihəmiz üçün qrant udmuşduq və Kvotter üçün qranta müraciət etməyi məqsədə uyğun saymadım. Üstəlik müraciət edib, qrant da udsa idik , onda vay bizim halımıza, xalq düşməni elan edərdilər bizi.
  • TechCrunch Disrupt SanFrancisco 2016 – tədbirində iştirak isə Tractioncamp-a müraciət əsasında mümkün oldu. Əvvəl bizə rədd cavabı gəldi, ancaq bir həftə sonra proqramın təşkilatçısı email ilə şəxsən yazaraq əslində qəbul olduğumuz və əvvəlki mailin səhv olduğunu bildirdi. Düzü TC-yə getməyə çox tərəddüd edirdik. Əksər xərclərimizi qarşılasalar da, yol pulunu özümüz qarşılamalı idik, ABŞ-a xüsusilə də SF-ə getmək 2 nəfər üçün elə də ucuz başa gəlmir. Əlqərəz yola düşməyə 5 gün qalmış, biletləri alıb, OK verib hazırlaşdıq səfərə. Bu barədə daha geniş bəlkə növbəti bloq yazımda paylaşaram. Burada sadəcə seçim haqqında bəhs etdim.
  • SUP Demo day – də iki dəfə pitch etdik… Birincini Yeni Fikir müsabiqəsindən sonra qonaq kimi, ikincini isə Sup Akseleratorunun məzunu kimi. Deyim ki, bizə Azərbaycan investorları tərəfindən maraq oldu…yox təəssüf ki, heç nə olmadı… ya layihəmiz xoşlarına gəlmədi, ya da ümumiyyətlə söhbəti tutmadılar. Ancaq, bir təcrübə kimi çox yaxşı təəssürat bağışlanıdı. Bircə 500 startups-ın Türkiyə üzrə nümayəndəsi Enis Hulli ideyanı bəyəndiyini, lakin istifadəçi aktivliyini artıra biləcəyimiz halda, ondan dəstək ala biləcəyimizi bildirdi…
  • Startup Azerbaycan – iştirak etmədik, səbəbi isə sadədir, bu təbirin təşkilatçılığında kömək etmişəm və düşünürəm ki, Kvotter orda da qalib gələ bilərdi. Bu hal olsa idi, özünüz başa düşürsünüz hansı söz-söhbətlər olacaqdı. Odur ki, qatılmadıq.
  • MilliNet 2016 mobil tətbiq nominasiyasında qalib – açığını desəm, millinet-də iştirak etməyi heç planlamırdıq da… Günlərin birində Osman Gündüz zəng vurub, millinet saytının yeniləndiyini və məndən saytda baxıb yoxlamağımı xahiş etdi. Mən də elə ora burasını gəzib, Kvotter-i bir tətbiq kimi əlavə etdim ki, sistemin necə işlədiyini yoxlayım. Bir iki çatışmamazlığı bildirdim və işlərimə davam etdim. Bir də ayıldım ki, Kvotter nominantdır və bizi tədbirə dəvət edirlər. Orda da qalib olduq və bunu da öz tanışlarına verdilər deyə damğaladılar.
  • SeedStarsCee Regional Summit – bu tədbir isə Qazaxsatnın Astana şəhərində keçirilirdi. Tədbirə Seedstars-ın Şərqi Avropa və İrandan olan qalib layihələrini 2 günlük təlim və Qazaxstanın seçmə mərhələsində iştirak məqsədilə dəvət edilmişdilər. Kvotter layihəsini də mən son 2 gündə təmsil etdim. Bu tədbirdən maraqlı bir faktı da qeyd etmək istəyirəm ki, qalib kimi iştirak edən bütün layihələr ən azı 2 il fəaliyyətdə olmaları ilə yanaşı 2-3 akselerasiya proqramlarının iştirakçıları olmuş və tractionları elə də fontan vurmayan layihələr idi. Bəli ideyalar əla idi, komandaları da var idi. Ancaq, bu layihələr 2 il idiki, bazarda mövcud idilər və hələ də testlər edirdilər. Bizdə isə bir startup ikinci bir akselerasiya mərkəzinə müraciət etdikdə, dərhal qrantyeyən, karusel və s. tipli damğalar vururlar.

Yuxarıda qeyd etdiklərim 2016-cı ildə iştirak edib və etmədiyimiz tədbirlər idi. Nəticə olaraq deyə bilərəm ki, layihənin qiymətləndirilməsi üçün əvəzsiz rəylər topladıq, tətbiqimizi Android telefonlar üçün istifadəyə verdik, həm ABŞ, həm də Avropa investorları ilə görüşüb, əlaqələr qura bildik.

2017-ci il üçün isə planlarımız mümkün qədər Startup tədbirlərindən uzaq durmaq, yalnız istifadəçi artımına yönəlik işlər görmək, platformanı böyütmək, iOS tətbiqimizi istifadəyə vermək və tədbir olaraq potensial partnyor və istifadəçilərimizin iştirak edəcəyi beynəlxalq kitab sərgilərinə qatılmaqdır. Bu il yalnız 2 Startup tədbirdə iştirakımız planlanıb ki, onlardan biri keçən il qalib olduğumuz Seedstarsworld tədbiridir ki, orada Azərbaycanı təmsil etməli, digəri isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Fevral ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Startup Turkey tədbiridir ki, hər iki tədbiri sırf əlaqələrimizin genişləndirilməsi məqsədi ilə istifadə edəcəyimizi planlayırıq.


Also published on Medium.