MultiBon layihəsi şəxsən mənim üçün Startap dünyasına atdığım ilk ən böyük uğurlu addımım və eyni zamanda da bu günədək ən böyük uğursuz biznes təcrübəm oldu. Azərbaycan bazarında hələ heç kəsin startap sözünü işlətmədiyi bir dövrdə Multibon layihəsini fikirləşib, təməlini qoyub və böyük məbləğdə yatırım əldə etmişdik. Buna baxmayaraq, şirkət cəmi 2 il fəaliyyət göstərdikdən sonra bağlandı.

Mənə tez-tez yazaraq MultiBon-un nə üçün bağlanması ilə bağlı soruşurlar. Məhz elə buna görə də hər dəfə, ayrı-ayrı izah etməkdənsə, bu barədə ətraflı yazıb paylaşmaq qərarına gəldim. Zənnimcə, layihədə iştirak edən bütün tərəflərin bu məsələ ilə bağlı öz şəxsi fikirləri və baxış tərzləri var. Mən isə aşağıda məsələyə yalnız öz prizmamdan yanaşaraq, MutliBon layihəsinin dayandırılmasına gətirən səbəbləri paylaşmışam. Ola bilsin ki, bu məqaləni oxuyacaq bir çox şəxsin MultiBon haqqında ötəri məlumatı olsun. Buna görə də qısaca MultiBonun nə olduğunu izah edib, məsələyə keçəcəyəm. Yox əgər məsələdən xəbəriniz varsa, növbəti abzası buraxa bilərsiniz.

2010-cu il idi və mən artıq işimdən ayrılaraq öz internet biznesimi qurmaq istəyirdim. Avtobusda yol gedərkən gözüm mağazalardakı CityCard loqolarına sataşdı. İnternetdə araşdıraraq bunun banka bağlı endirim kartları şirkəti olduğunu öyrəndim. Layihə ilə daha ətraflı maraqlanandan sonra, elə də cəlbedici olmadığını gördüm və ağlımda öz sadiqlik sistemimi qurmağa başladım. Bir müddət sonra məni Rizvan və Vaqif görüşə dəvət edərək, internet üzərindən MLM yönümlü bir şirkət qurmaq təklifi edərək, hansı növ xidməti bazara tanıdacağımızı müzakirə etdik. Həmin dövrdə Rizvanla Vaqif Nərimanov metrosu yanında kiçik bir ərzaq mağazası işlədir və Bakıda ilk dəfə desəm yanılmaram bir marketin sadiqlik kartı sistemini tətbiq etmişdilər. Mənimlə görüş əsnasında corab satışından tutmuş ərzaq satışı əsasında internet biznesin qurulması təkliflərinə qarşılıq olaraq, mən aylıq abunə haqqı əsasında endirim kartları sistemini qurmağı təklif etmişdim. Lakin, bu təklif yekun nəticədə qəbul edilmədi və biz sonradan Clubshop.az adlı ilk onlayn supermarket ticarət platformasını qurduq. Məhz bu layihədə biz ilk dəfə Abunə haqqı prinsipini təşkil etmişdik. 2011-ci illərin sonuna yaxın mən Rusiyanın Mnogo.ru saytı ilə qarşılaşdım və içimdə yenidən sadiqlik sistemi qurmaq istəyi gəldi. Yenə də cızma-qara edib, MultiBonus adlı bir sistem fikirləşdim. Təbii ilk olaraq ideyamı Vaqiflə bölüşdüm və O, US sözünü silərək MultiBon olmasını təklif etdi. Necə oldusa biz MultiBon loqosunu qurub, developerlər ilə əlaqə quraraq sistemin iş prinsipini izah edərək, MultiBonun yazılımına start verdik (O indidir nədənsə ağlına ideya gələn birinci düşür ki, investor tapım mənə yatırım eləsin, mən də pul alandan sonra iş görərəm deyərək startap qurmaq xəyalı moda minib). Onu da deyim ki, bu sistemin qurulması üçün bizdən istənilən məbləğ cəmi 3000 AZN oldu )))) Sonradan anladıq ki, bu məbləğ ilə heç bir iş görmək olmaz. Əlqərəz, 2012-nin yanvar ayında MultiBon-un üzərində iş başladı və 2012-nin İyun ayında biz, İNFİPRO İNC. ilə tanış olduq. Onlardan Clubshop üçün yatırım istəsək də, İnfiproya Multibon layihəsi daha maraqlı gəldi. Bir ay sürən danışıqlardan sonra, İnfipro istədiyimiz ilkin məbləğin iki qatını yatırım etməklə şirkəti qeydiyyatdan keçirtdik və işə başladıq.

MultiBon Azərbaycanda ilk dəfə özəl bir şirkət tərəfindən qurulan Bonus cashback sistemi idi. Layihənin məqsədi, siz alış-veriş edərkən ödədiyiniz məbləğin müəyyən bir faizini sizin hesaba təkrar qaytarmaq və növbəti alış-verişiniz zamanı yenidən pul əvəzi işlədə bilməniz idi. Bunun üçün saytda qeydiyyatdan keçib, bizim plastik karta sahib olmanız və partnyorlarımızda ödənişlər zamanı kartı kassirə təqdim etməniz lazım idi. Bura kimi, məncə hər şey aydındır. Keçək problemlərə.

Ümumilikdə, layihənin sonuna gətirib çıxaran iki növ faktor oldu; Daxili və xarici faktorlar. Lakin, zənnimcə ən əsas faktor daxili faktorlar oldu, çünki xarici faktorlar istənilən biznesin qarşısına çıxan, mütləq həll edilməli məsələlər toplusudur. Və əgər şirkət daxildən sağlamdırsa, xaricdən qaynaqlanan problemləri rahatlıqla həll edə bilər. Buna görə də, xarici faktorları yalnız öz biznesinizdə təcrübə məqsədilə istifadə etməyiniz üçün oxumağınızı tövsiyyə edirəm.

Daxili faktorlar

  • Təcrübəsizlik

MultiBon-a başladıqda bizim elektron ticarətdə təcrübəmiz olsa da, sadiqlik sistemlərində demək olar ki, heç bir təcrübəmiz yox idi. Yalnız öz adıma deyə bilərəm ki, loyaliti haqqında internetdə məqalələr və azacıq da ədəbiyyat oxumuşdum. Ancaq, araşdırmam nəticəsində bu işi edə biləcəyimizə əmin idim. Reallıqda isə biz yalnız aysberqin üstünü görürdük. Əslində endirim, bonus və buna bənzər sistemləri quran bütün şəxslər bu sahədə təcrübələri yoxdursa eyni səhvləri edirlər. İdeya olaraq hər şey düzgün hesablanır, məntiqlə xidmət haqqında eşidən bütün insanlar uça-uça bizim müştərimiz olmalı idilər. Elə partnyorluq edəcəyimiz şirkətlər üçün də göydəndüşmə bir xidmət olmalı idi, heç bir pul xərcləmə, endirim ver, müştəri qazan.

İşə gəldikdə isə, məsələ fərqli olur. İnsanlara yeni xidməti anlatmaqdan tutmuş, sistemin təhlükəsizliyi, fantastik problemlərin həlli, kartların çatdırılması və s. hamısı baş ağrısı olması ilə yanaşı, bu sahədə heç bir təcrübəsi olmayan komanda üçün əsl sınaq idi.

Məsləhət: Təcrübənin olmaması əsla sizi saxlamamalıdır. Ancaq, fəaliyyət göstərəcəyiniz sahəni bacardığınız qədər öyrənmək lazımdır. Təəssüflər olsun ki, komandamızın heç də hər üzvü işlədiyi sahəni öyrənmək niyyətində olmadığından və layihəyə sadəcə aylıq maaş mənbəyi kimi baxdığından inkişaf çox zəif idi.


  • Fokusdan yayınma

MultiBonda ən böyük fokusdan yayınma Vaqifin Multibon üzərindən Manads layihəsinə başlaması oldu. Manadsın hardan necə yarandığı ayrı bir məsələdir, ancaq yenicə yatırım almış, hələ beta istifadə mərhələsində olan bir layihənin iki təsisçisindən birinin digər işə fokuslanması istər-istəməz MultiBon-a mənfi təsir göstərməli idi və göstərirdi də. Mən bu məsələ ilə bağlı etirazımı da bildirmişdim, çünki biz bir komanda olaraq işə başlamışdıq və hər birimiz müəyyən işə görə cavabdeh idik. İkimizdən birinin fikri fərqli yerə yayındıqda bu işə təbii olaraq mənfi təsir etməli idi. Mənim fokusdan yayınmağım isə öz öhdəliklərimlə yanaşı, mənə aid olmayan öhdəlikləri də görməkdə öz əksini tapırdı.

Məsləhət: Startap layihəyə yenicə başlayıb bu iş ilə məşğul olduğunuz müddətcə, fokusunuz, gecəniz-gündüzünüz bu layihəniz olacaq. Mənə görə, başqa layihə ilə yalnız bu layihəniz tam tutacağı və ya təmamilə məhv olacağı təqdirdə məşğul olmaq olar. Ya da ki, təmamilə bu layihədən ayrılın. Təbii paralel işlər görə bilərsiniz ancaq, bir əldə iki qarpız tutmaq mümkün olmadığı kimi, bir əldə iki startap da aparmaq mümkün deyil.


  • Komanda daxili çəkişmələr

Vaqif Manads-a başladıqdan sonra, öz işlərini görəcək bir şəxsi MultiBon-a işə dəvət etdi. İlk baxışdan yaxşı təəssürat bağışlayan həmin şəxs, partnyor şəbəkəmizi qısa zaman ərzində çox sürətlə genişləndirə bilmişdi. Buna görə çox sağ olsun.

Ancaq, paralel olaraq bu şəxs korporativ iş dünyasından gəldiyindən startap layihəsində korporativ qaydaları tətbiq etməklə, işçilər və komanda daxilində narazılıqlar və çəkişmələrə səbəb olmuşdur. Mənim də bəzi məsələlər ilə bağlı dəfələrlə etirazım, gərginliyin artması ilə nəticələnirdi. Yanlış verilmiş qərarlar, səhv atılmış addımlar, bəzən isə özbaşınalıq və özfəaliyyət, saat ilə işləyən bir bomba kimi, MultiBonun altında yığılırdı.

İdarə heyəti arasında danışılaraq verilmiş qərarlar, daha sonradan işçilərə nədənsə məhz həmin şəxsin təşəbbüsü və ideyası kimi qələmə verilirdi. Razılığımız olmadan edilmiş və nəticəsi 0 olan xərclərə edilmiş etirazlar isə, həmin şəxs tərəfindən işinə müdaxilə kimi qiymətləndirilirdi. Nəticədə bir müddət sonra 10 nəfərlik işçi heyəti arasında uçurum əmələ gəlmişdi ki, bunu da heç bir yolla aradan qaldırmaq mümkün olmadı.

Məsləhət: Komandaya hər kimi cəlb edirsinizsə edin, bu şəxsin sizin ilə həmfikir olmasına əmin olun. Bu şəxsin layihədə pula görə deyil, layihəyə görə olduğuna 100% əmin olun. Və ən əsası kiminsə layihədə sizin yaradığınız dəyərləri məhv edərək, öz saxta ideologiyasını yeritmək istədiyini gördüyünüzdə, dərhla o şəxslə vidalaşın.


  • Pula görə işləmək

Pul hər zaman lazımdır, ancaq startap layihəsində pul ikinci yerdə olmalıdır. Ən əsası layihənin inkişaf edib, böyüməsidir. Fikriniz pul olacaqsa layihə uğursuzluğa düçar olacaq. Kimsə öz aylıq qazancını, kimsə layihənin dərhal pul qazanmasını, kim isə də öz çak-çukunu fikirləşə bilər. Ancaq, layihənin özünün sadəcə startapdan, insanlara xeyir verə biləcək bir hala gəlməsi ikinci plana atılarsa və yaxud ümumiyyətlə məqsəd layihə deyil, pula görə iş görmək olacaqsa, sizi əmin edirəm heç bir şey alınmayacaq.


  • Pul problemləri

MultiBonda üzləşdiyimiz bir digər problem də, yatırımın zamanında hesabımıza oturmaması idi. Rahat başa düşməyiniz üçün deyə bilərəm ki, razılaşdırılmış yatırım məbləği 3 aylıq xərclər hesablanaraq, 3 aydan bir bank hesabımıza köçürülürdü. Problem o idi ki, rüblük köçürüləcək məbləğ, biznes planda nəzərdə tutulmuş xərclərlə üst-üstə düşmürdü. Yəni bizə müəyyən kampaniya və ya aksiya keçirməyimiz üçün lazım olan pul vəsaiti yetmədiyindən, bu növ xərcləri də “imkan daxilində” etməyə məcbur idik.

Digər bir problem isə, 3 ay-ın sonunda köçürülməli olan vəsait bəzən bir aya qədər gec köçürülürdü. Nəticədə nəzərdə tutulmuş planlar da həyata keçirilə bilinmədiyindən, real-time marketinq addımlarını ata bilmirdik.

Məsləhət: Startapınız üçün biznes plan hazırladıqda, hansı mərhələdə nə qədər pul vəsaitinə ehtiyyac olacağını hesabladıqdan sonra, tranşları məhz plana uyğun almaq ilə bağlı investorla razılaşın. Üstəlik investor yatırımı bərabər hissələrlə hər ay köçürəcəyini qəbul etsəniz, biznes plandan kənara çıxmalı olacaqsınız, bu isə təbii işinizə mənfi təsir edəcək. İnvestorlar ağıllıdırlar və sizi başa düşə bilərlər, sadəcə siz də onlara nə üçün vasəiti plana uyğun almaq istədiyinizi əsaslandıra bilməlisiniz.


  • Marketinqin zəifliyi

Yuxarıda qeyd etdiyim vəsaitin köçürülməsi ilə bağlı problemli məqam, marketinqimizə də mənfi təsir etmişdi. Şəxsən özüm tərəfindən hazırlanmış onlarla marketinq fənnləri vəsait çatışmamazlığı və zamanında köçürülməməsindən dolayı, həyata keçirilməmişdir. Bu fənnlərin müsbət və ya mənfi effekti yalnız həyata keçiriləcəyi halda mümkün olardı.

Üstəlik bizim marketinqdən çox güvəndiyimiz Referral sistemimiz var idi ki, onun hesabına istifadəçilərimizin yeni istifadəçilər cəlb edəcəyinə yatırım etmişdik. Ancaq, burada belə çox zəif işlədiyimizdən marketinq planımız nə qədər gözəl olsa da, Müştəri Cəlbetediciliyimiz planladığımızdan qat-qat aşağı idi.

Məsləhət: Azərbaycan elə bazardı ki, tanınmaq istəyirsinizsə, hər bir metodla özünüzü gözə soxmalısınız. Bu gözə soxulma nə qədər parlaq və intensiv olarsa, bir o qədər yaxşı.


Xarici faktorlar

  • Partnyorların brendi

Multibona ümumilikdə 200 nöqtədə yerləşən, 120-yə yaxın brend qoşulmuşdu. Bir müddət sonra anlamağa başladıq ki, brendlər kənar sadiqlik sistemi ilə əməkdaşlıqdansa, öz şəxsi brendlərini irəlilətməkdə daha maraqlıdırdırlar. Əslində ideyamız da var idi ki, əməkdaşlıq etdiyimiz brendlərlə razılıq əsasında “co-brand” (müştərək) kartlar buraxaq və bununla da, partnyor məmnuniyyətini də təmin edək. Qarşımızda isə həll edilməli iki məsələ var idi; istifadəçilərimizi çaş-baş salmamaq — Multibon dəstəkli fərqli dizaynlı və brendlər göstərilmiş kartlar anlaşılmazlıq yarada bilərdi. İkinci məsələ isə brendlərin öz logosu olan kartlara münasibəti yaxşı ola biləcəyi halda, eyni sistem olduğundan fərqli brendin loqosu olan kartı özündə qəbul etməmək istəyi ola bilərdi.

Bəxtimizdən, iş elə gətirdi ki, mən MultiBon-dan ayrıldım və bu iki məsələni həll edərək, dövriyyəyə salmağa müvəffəq olmadıq. Lakin, məhz bu təcrübə əsasında MultiBondan ayrıldıqdan sonra, Xərcim.az (iKeebon) layihəsinə start verdim.


  • Partnyorların əməkdaşlığa açıq olmaması

Daha düzgün desək əməkdaşlıq edirdik, ancaq biz partnyorlarımız üçün sadiqlik sistemi qurduğumuzu düşündüyümüz halda, partnyorlarımız bizim onlardan istifadə edərək necə qazandığımızı düşünürdülər.

İstifadəçilər üçün Multibon kartlarını əldə etmək rahat olsun deyə partnyorlarımızda yerləşdirməyi təklif etdikdə; “Siz bizim kliyentləri oğurlayırsınız” — sözləri ilə imtina edir, qəbul edənlərin əksəriyyəti isə, kartları piştaxtanın altında gizlədərək — “Qoy bizdən gəlib istəsinlər, verərik.” deyirdilər.

Halbuki kartları görünən yerdə qoymaqla biz özümüzü deyil, müştərinin rahatlığını fikirləşirdik. Ok-ok özümüzü də reklam edirdik.


  • Bazarın hazır olmaması

Əslində bazar heç indi də hazır deyil. Qəribə də olsa ancaq, bizim əhali həm pulun azlığından şikayət edir, həm də qənaət imkanlarından istifadə etmək istəmir. Hətta mənə “Hər hansı bir yerdən 10% endirim almağı özümə təhqir hesab edirəm” — deyənlər də olub. Texnologiya sarıdan hər şey ideal olsa da, Partnyorlar endirim faizləri versələr də, əhali ya müftə, ya da anormal endirimlər istəyir.

Üstəlik biz Multibonu, Azərbaycanda taksit kartlarının yarandığı bir dövrdə ortaya çıxartdığımızdan, əhali öz puluna necə qənaət etməyi öyrənmədən, sahibi olmadığı pulları xərcləməyə başlamışdı.

Bazarın isə nə zaman hazır olacağını dəqiq demək mümkün deyil. Zənnimcə supermarket sadiqlik kartlarının təmiz suyu çıxanda sonra, nə isə oxşar bir sistem çıxsa bəlkə də alına bilər. Realda isə MultiBondan sonra, bir neçə digər ümumiləşdirilmiş sadiqlik kartları çıxsalar da, heç biri nəzərdə tutduğu nəticəni əldə edə bilməyib.


  • Avadanlıq ilə bağlı problemlər

Avadanlıq ilə bağlı problemlər Multibonun inkişaf etməməsində bəlkə də ən axırıncı yerdədir, ancaq bu həqiqətən də bizim hər gün olmasa da, hər həftə üzləşdiyimiz problem idi.

Təsəvvür edin ki, hal-hazırda 200 nöqtədə toplam dəyəri 100$ olan avadanlıq yerləşdirməlisiniz. Paralel də partnyor şəbəkənizi genişləndirməlisiniz. Hə, onu da deyim ki, bizim istifadə etdiyimiz avadanlıqlar öz know-how-muz əsasında yaradılmışdı. Digər halda bu növ avadanlıqlar, çox baha başa gələ bilərdi. Biz isə Çin istehsalı olan Android tabletlər və maqnit kart riderlərdən istifadə edirdik. Tabletə öz istehsalımız olan mobil tətbiq yazmaqla bütün əməliyyatları qeydə ala bilirdik. Amma, ancaq, lakin — avadanlıqların alınması problemi ilə yanaşı digər problemlər də var idi ki, işimizə çox mane olurdurdular:

– Kassirlər bizim onlara əmanət etdiyimiz avadanlıqlarla yumuşaq desək çox pis davranırdılar;

– Əməliyyatların aparılması üçün avadanlıqlar daim işlək olmaları olduqları halda, bizim avadanlıqları bəzən elektrik şəbəkəsinə qoşmadıqlarından əməliyyat qeydə alınmırdı;

– Bəzən isə partnyorun interneti ilə bağlı problemlər yarandığından, yenə də əməliyyat qeydə alınmırdı;

– Çin istehsalı olduğundan və düzgün istifadə edilmədiyindən planşetlər tez-tez xarab olurdular;

Sonuncunu çıxmaq şərtilə digər bütün hallarda bizdən asılı olmayan səbəblərdən iş getmədiyi halda, günahkar yenə də MultiBon idi. Bütün bu problemləri bir dəfəlik aradan qaldırmaq üçün biz MultiBon-un istifadəçi mobil tətbiqini hazırladıq və hətta beta istifadəyə verərək, sınaqdan da keçirtdik. Ancaq, MultiBon şirkətinin fəaliyyətinin dayandırılması qərarından sonra, tətbiqi geniş istifadəçi kütləsinə tanıda bilmədik.

Məsləhət: Bu növ işlər gördükdə çalışın böyük xərcə səbəb ola biləcək, çox saylı avadanlıqları almamışdan öncə, alternativlərini fikiləşin. Hal-hazırda mobil tətbiqlər vasitəsilə bir çox işləri rahatlaşdırmaq mümkündür. Yox illaki avadanlıq almaq mütləqdirsə, o zaman ucuzluq ilə yanaşı, keyfiyyəti də əsas götürməyiniz şərtdir.


  • Partnyorların marketinq təklifləri

MultiBondan işçi olaraq ayrılmışdım. Bir gün mənə zəng edib, qida sahəsində olan partnyorlardan birinin şirkətimizdən müəyyən məbləğ qarşılığında stola qoyulan kağızların çapı üçün pul istədiyini bildirdilər. Bu kağızları çap etmədiyimiz təqdirdə isə, bizim ilə əməkdaşlığı dayandıracaqları ilə hədələmişdilər. Şirkət olaraq bizim öz marketinq strategiyamız olduğundan, həmin an üçün bu addımı atmaq havaya pul sovurmaq kimi bir hal idi. Çünki, məhz həmin partnyordan bir neçə aya əldə etdiyimiz gəliri, bir dəfəyə reklam məqsədli xərcləmək istənilirdi.

Nəticə etibarı ilə, Multibon bu xərcə razılıq verdi və pulun ilkin hissəsini həmin müəssisənin bizə olan borcu ilə bağlamasını, daha sonra isə geriyə qalan məbləği vercəyini bildirsə də, partnyorumuz bir neçə gün sonra, həm müqaviləyə xitam verdi, həm də şirkətə borclu olduğu məbləği ödəməkdən imtina etdi. Təbii bu cür hallar çox nadir olsa da, bir neçə dəfə üzləşmişik. Yenə də, əməkdaşlıq etdiyiniz şirkətlər ilə müqavilə bağladıqda sizin onlardan nə gözlədiyiniz kimi, onların da sizdən nə gözləməli olduqlarını əvvəlcədən xəbərdar edərək, qeyri-adi istəklərdən imkan olduqca çəkinmək lazımıdır.


  • Özümüz edərik

Xarici startapların uğurlu exit-ləri ya onların böyük şirkətlər tərəfindən alınması, ya da İPO-ya çıxmalarıdır. MultiBon adi startaplıqdan çıxaraq, cəmiyyətə daha da xeyirli bir şirkətə çevrilə bilərdi. Bizim halımızda şirkətimizlə bir neçə böyük bank maraqlanmışdı və görüşə də dəvət etmişdilər. Ancaq, nədənsə bütün hallarda bizi top level menecerlərdən fərqli olaraq, orta səviyyədə çalışan, marketinq menecerləri və s. qarşılayıb, bizə qulaq asdıqdan sonra, sanki onlar bizi deyil, biz onlarla görüş təyin edib gəlmişik kimi, “biz özümüz bunu edərik” deyərək, yola salırdılar. Şəxsən mən hələ də bu məntiqi anlamamışam.

Bir neçə anoloji görüşdən sonra, nə mən bankların nə üçün bizi dəvət etdiklərini anlamadım, nə də onlar bizi almadılar.


  • Ən böyük səhv

Nəhayət yekun olaraq ən böyük səhvimiz barədə danışım. Yatırım aldıqda şirkət paylarının 50%-dən artığını investora, geriyə qalanını isə bərabər olaraq 2 təsisçi arasında bölmüşdük. O zaman Azərbaycan bazarı üçün yeni olan yatırım məntiqindən çıxaraq bu halın normal olduğunu qəbul edərək bu addımı atmışdıq. Ancaq, sonradan çox peşman olsam da, bir dərs oldu.

Yuxarıda sadaladığım səbəblərdən dolayı Multibon-un işləri zəifləməyə başladıqda, idarə heyəti olaraq toplaşaraq məsələnin həlli yollarını araşdırırdıq. Nəticə etibarilə yekun qərara gəlmədiyimizdən, məsələ açıq qalmışdı. Növbəti gün isə mənə MultiBonu tərk etmək təklifi edilidi. İdarə heyətinin (investor və həm-təsisçim) öz aralarında razılığa gələrək, məni Multibon şirkətində tutduğum direktor vəzifəsindən azad edilmə qərarı verilmişdi. İndi özünüz baxın, bir şirkətin iki həm-təsisçisi var və bunlardan biri təmamilə başqa bir şirkətin işləri ilə məşğul olur, digərini isə layihədə işdən ayırırlar. Multibon-un komandasının yarısı işdən çıxır və yenisi ilə əvəz edilir. İdarəetmə təmamilə işə və ideyaya yad insanlar həyata keçirir. Təbii ki, bunun nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyil.


O zamandan bəri artıq 2 il keçmişdir və MultiBon üçün əvvəllər heyfslənsəm də, təkcə mən deyil, layihədə iştirak etmiş bütün tərəflərin bu gün möhtəşəm təcrübə əldə etdiyinə inanıram. Mənim deyəcəklərim bu qədər. Ümid edirəm, paylaşdığım səbəblər sizin öz işinizi qurduğunuzda yardımçı olacaq.