Bu gün İngiltərə Fintech startapı olan Revolut-un Rusiya bazarından getməsi barədə verdiyi qərar haqqında oxudum. Revolut öz istifadəçilərinə xüsusi bank kartı və Mobil tətbiqi vasitəsilə fərqli valyutalarla ödənişlər edə bilmə imkanı verən şirkətdir. Üstünlükləri ondan ibarətdir ki, siz öz bank kartınızı sistemə bağlamaqla, lazım olduqda Mərkəzi bankın kursuna uyğun olaraq valyuta əldə edib, sərfəli ödəmə etmə imkanı əldə edə bilərsiniz.

Ancaq, diqqətimi bu deyil, şirkətin Rusiya bazarından getmə səbəbi maraqlandırdı. Revolut-un təsisçisi Nikolay Storonskinin verdiyi açıqlamaya əsasən, problem Rusiya banklarının istehsal etdiyi kartlarından qaynaqlanır:

Rusiya bankları debit kartlarına, kredit kartı BİN-i tətbiq etməklə aradakı fərqdən qazanmağı öyrəniblər. Kredit BİN-lərinə tətbiq edilən İnterchange (əməliyyata görə x.haqqı), debit kartlarına tətbiq ediləndən artıqdır.

Nəticədə, məhsul və xidmət satıcıları həmin kartlardan ödəniş qəbul etdiklərində, artıq xidmət haqqı ödəyirlər ki, bu da bankların cibinə gedir. Bu sxem ilə iş nəticəsində istehlakçı daxil hər kəs uduzur, banklar isə qazanır.

Revolut-un verdiyi açıqlama məndə də sual yaratdı. Görəsən eyni sistem bizim banklarda da tətbiq olunurmu?

Xaricə səyahət edib də, orada Azərbaycan bankından əldə etdiyi Debit kartı ilə ödəniş etmək istədikdə, kartı Kredit kartı kimi göründüyünü müşahidə etmiş olmusunuz çox güman ki. Ən çox da bu cür qarşılaşma ilə ABŞ-a səyahət zamanı rastlaşmışam və cavab olaraq özümdə, fərqli bank sistemlərinin olmasını əsas gətirirdim. Ancaq, yuxarıdakı açıqlamanı oxuduqdan sonra, bu məsələni tam araşdırmaq qərarına gəldim.

İndi isə gəlin BİN və İnterchange nə olduğunu araşdıraq. İstənilən ödəniş kartının BİN – bank identifikasiya nömrəsi (Bank Identification Number) var. BİN kartınızdakı ilk 6 rəqəmdir.

Birinci rəqəm, kartın hansı ödəmə sistemi tərəfindən buraxıldığı haqqında məlumat verir; 4 – Visa, 5 – MasterCard (6 – Maestro), 3 – American Express. Ancaq, əvvəl bu məlumat mütləq idisə, hal-hazırda ABŞ-da bu rəqəmlər qarışıb. Yəni Visa kartı 3 ilə də başlaya bilər, Maestro isə 5 ilə.

BİN özündə daha hansı məlumatları əks etdirir? İlk 6 rəqəmi bilməklə, biz kart haqqında aşağıdakı məlumatları öyrənə bilərik:

  • Ödəmə sistemi;
  • Kartı buraxmış bankın adını;
  • Kartın tipini (kredi və ya debit);
  • Kartı növünü (Electron, Classic, Gold, Maestro, Standard, Platinum);
  • Kartın istehsal edildiyi ölkə və onun kodu.

 

BIN-card

 

Ok, bunları bildik. Bəs bu məlumatları bilmək bizim nəyimizə lazımdır deyə soruşa bilərsiniz. Həqiqətən də, nəyimizə lazımdır? İlk növbədə kart vasitəsilə onlayn mağazada ödəniş etdikdə və ya xidmətlərin bronu zamanı problem yaranırsa, kartın BİN nömrəsini yoxlamaq lazımdır.

Həmçinin bu məlumatlar xaricə səyahət edən şəxslər üçün də maraqlı ola bilər. Məsələn, aşağıdakı əməliyyatları həyata keçirtmək istədikdə;

  • Bilet alışı
  • Avtomobil kirayəsi
  • Otel bronu

Kartın Bin nömrəsini yoxlamaq üçün aşağıdakı saytlardan istifadə edə bilərsiniz:

www.bindb.com

www.binbase.com

BİN yoxlayarkən, qarşınıza çıxa biləcək qeyri adi məlumatlar:

  • Sizə kredit kartı veriblər, ancaq əslində o debit kartıdır və yaxud əksinə. Bu o demək deyil ki, siz həmin kartdan istifadə edə bilməzsiniz. Sadəcə birinci halda bank onu “overdraft” kimi qoşduğundan, sizin xərcləriniz bilmədən mənfiyə doğru gedə bilər. (yəni kartınızda 10 manat olduğu halda, 15 manat-da xərcləyə bilərsiniz ki, bu zaman siz banka 5 manat borclu olacaqsınız. Düzü debit kartı ilə xaricə kredit kartı kimi ödəmə edərkən mənfiyə xərc halı başıma gəlməyib.)
  • Sizin bankın kartı əslində, razılıq əsasında digər bank tərəfindən istehsal edilib.
  • Xarici olaraq kart Classic/Standart səviyyəli olsa da, əslində premium kartdır (GOLD və ya Platinum). Bu zaman yəqin ki, siz premium kartın verdiyi imkanlardan da yararlana bilərsiniz. Düzü, illərdir əlimdə olan Gold kartlar hələ heç bir imtiyazdan yararlanmamışam. Ən azından kartı banka alarkən “bəlkə xaricdə yararlana bilərsiniz” deyə vermişdilər.
  • Kart Azərbaycan bankı tərəfindən verilsə də, nömrə ilə avropa bankı kimi tanınır. Bu hal kartın xarici bankın, yerli törəmə bankı tərəfindən verilməsi zamanı ola bilər.

Əlavə olaraq “yanlış” nömrəli kartlardan qaynaqlana biləcək problemlər haqqında da məlumat verim:

  1. Siz Azərbaycanda olduğunuz halda, internet mağazadan, xarici bankın kartı kimi tanınan kart ilə əməliyyat yerinə yetirmək istəyirsiniz. Bu halda aşağıdakı variantların olması mümkündür:
    • Alış-veriş əməliyyatı problemsiz baş tutacaq;
    • Kart ilə ödəniş etmək mümkün olmayacaq;
    • Pullar kardan silinəcək, lakin sizdən kartın və şəxsiyyətinizi təsdiq edən sənədin şəkilləri istəniləcək.
  2. Kredit kartınız ilə Avtomobil sifariş edirsiniz, ancaq kartınız ilə ödəniş etmək mümkün deyil. Bu hal ona görə yarana bilər ki, kartınız sistemdə debit kartı kimi qeydiyyata düşdüyü halda, bankınız sizə kredit limiti tətbiq edib. Yəni bank ilə siz kredit əldə etmə razılığına gəlsəniz də, sistem bu razılığı görmür.
  3. Azərbaycan kartınız var, lakin valyuta hesabına bağlıdır, məsələn AVRO. Siz Avropaya səyahət edirsiniz və kartınız ilə supermarketdə ödəniş etmək istəyirsiniz. Kassada sizə bankın əsas valyutası ilə ödəniş etməyi təklif edirlər və siz suala cavabı bilmədən, razılaşırsınız. Nəticədə qənaət əvəzinə, Avropa və yerli bankın sərf etməyən valyuta kurslarına uyğun konvertasiya əməliyyatı nəticəsində Avro-AZN-Avro siz pul itirirsiniz.

İndi isə gəlin İnterchange-in nə olduğuna baxaq.

Interchange rate – satıcının bankı tərəfindən, ödənişin həyata keçirildiyi kartın sahibi olan banka hər bir əməliyyatdan ödənilən məbləğdir. Kredit kartlarına görə bu adətən kiçik faiz, debit kartları üçün isə fiks məbləğ təşkil edir.
İnterchange haqqı əsasən kartın tipi, ödənişlə bağlı risklər və əməliyyatın həyata keçirildiyi ölkəyə görə dəyişə bilər. Bu haqqlar kartı istehsal etmiş bankın yerləşdiyi ölkə ilə, kartın istifadə edildiyi ölkə arasındakı fərqlərə görə də artıb-azala bilər.
Bütün yuxarıdakıları nəzərə alaraq, (diqqət! iddi deyil, ehtimaldır) bu qənaətə gəlmək olar ki, yerli banklardan əldə etdiyimiz debit kartlarımızın, xarici bazarlarda kredit kartı kimi görünməsinin əsas səbəbi, bankların bu fərqdən əlavə pul qazanma istəklərindən qazanır.
Əlavə olaraq başıma gəlmiş bir hadisəni də paylaşım. Onlayn olaraq aviabilet almışdıq. Kartın valyutası dollar olduğu halda, ödəmə Rubl ilə həyata keçirilmişdi. Bankdan çıxarış aldıqda, hesabdan nəzərdə tutduğumdan artıq məbləğin çıxdığının şahidi oldum. Hal-hazırda bazarda olan valyuta kurslarını hesablaydıqdan sonra, 20 AZN-lik fərq yaranmışdı. Banka müraciət etdikdə, valyuta konvestasiyasının VİSA ödəmə sisteminin həmin günə özünə uyğun kurs ilə hesabladığı barədə məlumat verilərək, fərqin bu səbəbdən yarandığı bildirilmişdi. Onlayn olaraq Visanın həmin günə tətbiq etdiyi konvertasiya fərqini də tətbiq etdikdən, hətta USD-AZN-RUB məntiqi ilə hesablama aparılsa da, nəticədə 10 AZN-in heç bir yerdə qeydə alınmadığı, lakin hesabdan yox olduğu ortaya çıxdı. Banka bunun ilə bağlı müraciət edilsə də, heç bir açıqlama verə bilməmişdilər.
Ona görə də, dostlar bank hesabınıza daha aydın nəzarət edə bilməniz üçün internet, sms, mobile banking-dən istifadə ilə yanaşı, hansı növ və tip kartlardan, hansı valyutadan istifadə etdiyinizə də diqqət yetirin.

 

Məqalədə aşağıdakı mənbələrdən tərcümələr olmuşdur:


Also published on Medium.